Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir.
Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var.
Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s.
== Ümumi məlumat ==
Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.